Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə IV Xurma festivalı keçirilib

30 oktyabr 2024 | 09:42

Oktyabrın 29-da Balakən rayonunun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan xurmaçılığın daha geniş təbliğ edilməsi məqsədilə IV Xurma festivalı keçirilib.
Balakənlilər tarixən məhsul yığımını, məhsul bolluğunu böyük sevinc hissi ilə, şənliklər keçirərək qeyd edirlər. 2017-ci ildə rayonda ilk dəfə Xurma festivalı keçirilməklə gözəl ənənənin təməli qoyulub. Bu ənənə bir neçə illik fasilədən sonra yenə də davam etdirilir. Qoz-fındığı, tərəvəzi, meyvəsi ilə tanınan Balakən dördüncü dəfədir Xurma festivalına ev sahibliyi edib.Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Aqrar İnnovasiya Mərkəzinin, “Balxurma” MMC-nin dəstəyi ilə reallaşan festivalda nazirlik və dövlət qurumlarının nümayəndələri, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak ediblər.
Festival iştirakçıları və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.
Sonra Katex kəndinin ərazisində yerləşən “Balxurma” MMC-yə ekskursiya təşkil olunub, ərazidə 150-dən çox xurma ağacı əkilib. Eyni zamanda, festival iştirakçıları “Balxurma” MMC-də istehsal prosesi ilə tanış olublar.
Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında keçirilən festivalın rəsmi açılış mərasiminin əvvəlində qonaqlar şərbət, çörək və meyvələrdən hazırlanmış xonça ilə qarşılanıblar.
Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, xurma festivalının keçirilməsi Balakən rayonu üçün xüsusi önəm daşıyan layihədir. Festival Balakəndə kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır. Festival yerli məhsulların xarici bazarlarda satışının təşviqi baxımından da böyük əhəmiyyət daşıyır. Xurma festivalının keçirilməsi, eyni zamanda, milli adət-ənənələrinin, qonaqpərvərliyinin, rayonun turizm imkanlarının tanıdılmasında, xurmanın, ondan hazırlanan məhsulların təbliğində önəmli rol oynayır.
Diqqətə çatdırılıb ki, Azərbaycanda ildə 187 min tondan çox xurma istehsal olunur. Balakən rayonu xurma istehsalına görə respublikada öncül yerlərdən birini tutur. Hazırda rayonda 773 hektar xurma bağı var və bağlardan 15 min ton məhsul yığılıb. İstehsal olunan xurmanın 90 faizi xaricə ixrac olunur.
Qeyd edilib ki, son illər rayonda özəl sərmayələr hesabına meyvələrin, o cümlədən xurmanın qurudulmuş formada istehsalı ilə məşğul olan "Balxurma" və “Balacans” Konserv zavodlarının nəzdində “Balakan Foods” müəssisələri yaradılıb. İllik istehsal gücü 4 min ton olan "Balxurma" müəssisəsində istehsal üçün meyvələr rayonun və digər rayonların sakinlərinin şəxsi xurma sahələrindən yığılır. Tam gigiyenik və ekoloji cəhətdən təmiz xurma məhsulları daxili və xarici bazarlara ixrac edilir.
Tədbirin rəsmi hissəsində, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə heyətinin sədri Qadir Yusifov çıxış edərək, bu gün ölkəmizdə qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçiliyin mühüm rol oynadığını, Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında xurmanın xüsusi yer tutduğunu vurğulayıb, festivalın işinə uğurlar arzulayıblar.
Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin qonaqlar xurma məhsullarının satışı yarmarkası ilə tanış olublar, Balakən mətbəxinin nümunələrindən dadıblar, folklor kollektivlərinin çıxışı festivalın ab-havasına xüsusi rəng qatıb.
IV Xurma festivalı tanınmış incəsənət ustalarının iştirak etdiyi konsert proqramı ilə başa çatıb.

 

Keçidlər