Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirə keçirilib

05 iyun 2026 | 10:00

Bu gün Balakən rayonunda kənd təsərrüfatı məsələlərinə həsr olunan müşavirə keçirilib. Müşavirədə Balakən RİH-in başçısı Natiq Ağayev, icra hakimiyyətinin məsul əməkdaşları, fermerlər, sahibkarlar və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.
Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev qeyd edib ki, qarşıdakı illərdə Azərbaycanda aqrar sektor həm ərzaq təhlükəsizliyi, həm də qeyri-neft iqtisadiyyatının əsas dayaqlarından biri kimi inkişaf etdiriləcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər ölkəmizdə aqrar sahənin inkişafına dövlət səviyyəsində verilən önəmin növbəti dəfə aydın ifadəsi oldu. Rayon rəhbəri bildirib ki, aqrar sahədə məhsuldarlığın daha da artırılması, idxaldan asılılığın azaldılması və ixrac potensialının gücləndirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Dövlət başçısının müəyyən etdiyi strateji hədəflər və həyata keçiriləcək yeni proqramlar nəticəsində kənd təsərrüfatı sahəsində dayanıqlı inkişaf daha da sürətlənəcək, regionların iqtisadi potensialı genişlənəcək və Azərbaycanın ərzaq təhlükəsizliyi daha da möhkəmlənəcəkdir.
Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Turan Dibirov Dövlət Proqramının mahiyyəti, qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd olunub ki, Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa əsaslanan və rəqabətqabiliyyətli inkişaf modelinə keçidinin təmin edilməsi nəzərdə tutulur.
Daha sonra fermerlərin mövcud problemləri və onları narahat edən məsələlər dinlənilib. Eyni zamanda müşavirədə rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, inkişafı, fermerlərin qarşılaşdıqları problemlərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb. Aqrar sahədə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub.

Keçidlər