Balakəndə kənd təsərrüfatı sahəsində çalışan şəxslər və fermerlərlə görüş keçirilib
14 sentyabr 2026 | 14:00
Bu gün "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə əlaqədar Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslər və fermerlərlə geniş tərkibdə görüş keçirib. Görüşdə aidiyyəti dövlət qurumlarının və xidmət sahələrinin rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri, su təsərrüfatı nümayəndələri, müxtəlif bankların əməkdaşları, eləcə də fermerlər iştirak ediblər. Tədbirin əsas məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəflərin yerinə yetirilməsi istiqamətində yerli istehsalçıların fikir və təkliflərini dinləmək, mövcud vəziyyəti dəyərləndirmək və qarşıya çıxan çətinlikləri müzakirə etmək olub.
Rayon rəhbəri çıxışında kənd təsərrüfatının rayonun iqtisadiyyatında mühüm yer tutduğunu vurğulayaraq, aqrar sektorun inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Qeyd olunub ki, kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması, məhsuldarlığın yüksəldilməsi, müasir texnologiyaların tətbiqi, emal sənayesinin inkişaf etdirilməsi və ixrac potensialının gücləndirilməsi qarşıdakı illər üçün əsas məqsədlər sırasındadır.
Görüş zamanı rayonda kənd təsərrüfatının mövcud vəziyyəti ətraflı müzakirə olunub. Əkin sahələrinin suvarma suyu ilə təminatı, subsidiya və güzəşt mexanizmləri, aqrar sığorta, gübrə və toxum təminatı, həmçinin məhsulların qiyməti, satışı və bazara çıxarılması ilə təmin bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə çıxış edənlər fermerlər aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyini yüksək qiymətləndirərək, onların fəaliyyətinin genişləndirilməsi üçün həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi istiqamətində fikir və təkliflərini rayon rəhbərliyinin diqqətinə çatdırıblar. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə fermerləri maraqlandıran suallar cavablandırıldı və qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Tədbirin sonunda kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd yerlərində məşğulluğun artırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.






