Balakəndə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş konfrans keçirilib
02 oktyabr 2025 | 16:30
Oktyabr ayının 1-də Balakən Rayon İcra Hakimiyyətinin və Respublika Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: regional inkişaf və milli birlik konteksində” mövzusunda konfrans keçirilib.
Konfransda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev, eləcə də rayon ağsaqqalları, ziyalıları, şəhid ailələrinin üzvləri, qazilər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzovu və digər tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi yaddaşın qorunması, dövlətçiliyin gücləndirilməsi və milli kimliyin möhkəmləndirilməsi üçün önəmli addımdır. Ölkəmizin əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra əldə etdiyini vurğulayan natiq respublikamızın sonrakı inkişaf prosesindən bəhs edib. 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbuluna səs verdiyini, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən və 23 saatlıq anti-terror tədbirlərindən sonra suverenliyimizin tam bərpa olunduğunu qeyd edib. Vurğulayıb ki, milli birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək bizim ən ümdə vəzifələrimizdən biridir.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov konfransın çox aktual bir mövzuya həsr olunduğunu qeyd edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasını strateji məna daşıyan tarixi qərar adlandırıb. Bildirib ki, bu qərar Azərbaycan dövlətçiliyinin ən əhəmiyyətli iki əsasının – 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 30 illiyinin və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünün qeyd edilməsi ilə bağlıdır. Hər iki hadisə ölkəmizin siyasi, hüquqi və ideoloji cəhətdən formalaşmasında, inkişafında, eləcə də milli birliyimizin möhkəmləndirilməsində həlledici rol oynayıb. O, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının banisi olan Ümummilli Lider Heydər Əliyevin müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyinin tam bərpası yoluna işıq saçan ideya mayakı kimi Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını vurğulayıb.
Daha sonra konfransda çıxış edən şəhid anası Zümrüd Məmmədova, Vətən müharibəsi qazisi Hacı Muradov və Balakən Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu ildönümünün artıq 5 ildir ərazi bütövlüyü, suverenliyi tam təmin olunmuş dövlətimizdə qeyd edilməsini ən böyük tarixi nailiyyət adlandırıblar. Bu il çərçivəsində həyata keçirilən uğurlu siyasətin ölkəmizin dayanıqlı inkişafını artırdığını qeyd edən natiqlər əminliklə bildiriblər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə növbəti dövrdə də Azərbaycanın demokratik və hüquqi dövlət quruluşu daha da möhkəmləndiriləcək və ölkəmizin beynəlxalq aləmdə nüfuzu və rolu artacaqdır.






