Balakəndə məişət zorakılığı ilə əlaqədar təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 13 dekabr tarixində Balakən Şəhər Uşaq İncəsənət Məktəbində məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları üçün məişət zorakılığı mövzusunda təlim keçirilmişdir. Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektor müdiri Vəfa Ələkbərova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin məişət zorakılığının qarşısının alınması üzrə sektorun baş məsləhətçisi Rahil Süleymanzadə, Balakən, Şəki, Zaqatala, Qax və Oğuz Rayon İcra Hakimiyyətlərində yaradılmış məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrup rəhbərləri və üzvləri iştirak ediblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il ərzində Tədbirlər Planına əsasən həyata keçirilən təlimdə iştirakçılara məişət zorkaılığı sahəsində atılan addımlar, məişət zorakılığı barədə statistika, qanunvericilik bazası və bu sahədə qanunun tətbiqi, prioritet istiqamətlər barədə məlumat verilmiş, təlim iştirakçılarının sualları cavablandırılmışdır.
Təlimdə iştirak edən 5 rayondan olan məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrup rəhbərləri diqqətə çatdırıblar ki, məişət zorakılığının qarşısının alınması üçün hüquqi, sosial və qabaqlayıcı tədbirlər həyata keçirilir. Qanunvericiliyə müvafiq olaraq məişət zorakılığının qarşısının alınması istiqamətində sosial və qabaqlayıcı tədbirlərin təşkili və hayata keçirilməsi aidiyyəti dövlət qurumları ilə bərabər yerli icra hakimiyyəti orqanlarına da həvalə edilmişdir.
Məişət zorakılığı hallarının, onun doğurduğu mənfi nəticələrin, məişət zorakılığına səbəb olan halların araşdırılması, təhlil edilməsi, qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin tətbiq edilməsi, məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata alınması, həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması, qanunvericiliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi məişət zorakılığı hallarının qarşısını tam almasa da əhəmiyyətli dərəcədə azalmasına kömək edə biləcəyi müzakirə olunub.
Sonda iştirakçılara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən çap edilmiş buklet və jurnallar paylanmışdır.