Balakəndə məskunlaşan Xocalı sakinləri ilə görüş keçirilib
Tariximizin ən qanlı səhifələrindən olan Xocalı faciəsinin otuz üçüncü ildönümü Balakən rayonunda silsilə anım tədbirləri ilə qeyd olunub.
Faciənin ildönümü ilə bağlı Balakən Rayon İcra Hakimiyyətində rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilib.
Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov Xocalı faciəsinin Azərbaycan xalqına qarşı yönələn soyqırımı olduğunu diqqətə çatdırıb, bu qətliamın dünya tarixinə qanlı hərflərlə yazılmış vandal hadisələrdən ən dəhşətlisi olduğunu diqqətə çatdırıb. Həmçinin Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalıya səfərlərindən, Xocalı şəhərinin Ballıca kənd sakinləri ilə görüşlərindən, dövlət başçısının Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında imzaladığı Sərəncamdan bəhs edib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatdı. 30 il davam edən işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa edildi. Qisas qiyamətə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün şəhidlərin, eləcə də xocalılıların qisası alındı.
Xocalı sakinləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.