Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə narkomaniyanın fəsadları barədə maarifləndirici tədbir keçirilib

18 may 2024 | 11:30
  Mayın 17-də Qabaqçöl qəsəbəsində Balakən Rayon İcra Hakimiyyətinin və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə narkomaniyanın fəsadları ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
  Tədbiri giriş sözü ilə açan Balakən RİHB-nın birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Turan Dibirov Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 22-də imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamından irəli gələn vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, müasir dövrdə ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışıb. Daha sonra o, narkotik vasitələrin zərərlərindən, bu bəlaya düçar olan şəxslərin qarşılaşdıqları problemlərdən söz açıb və sağlam gəncliyin formalaşmasında ən mühüm amillərdən birinin də narkomaniya ilə mübarizə olduğunu diqqətə çatdırıb.
  RPŞ-nın Qabaqçöl bölməsinin rəisi Vilayət Allahverdiyev narkomaniyanın bütövlükdə bəşəriyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün diqqət yetirməli olduğu məsələlər, narkotiklərə aludə olmağın nəticələri və s. haqqında geniş məlumat verib. Narkomaniyaya qarşı hüquq-mühafizə orqanları tərəfindən aparılan mübarizədən danışıb və bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
Balakən RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Gültac Əfəndiyeva, rayon üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Sərxan Hacıyev çıxış edərək narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər.
  Sonda iştirakçılara narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş etdirilib, auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Keçidlər