Balakəndə Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib
19 mart 2024 | 16:54
Xalqımızın ən əziz bayramı olan Novruzun gəlişi münasibətilə martın 19-da rayon Mədəniyyət Mərkəzində təntənəli bayram tədbiri təşkil olunub. Ümumrayon şənliyində Balakən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, mədəniyyət işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Tədbir Mədəniyyət Mərkəzinin qarşısındakı tonqalın alovlandırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçıları mərkəzin foyesində Novruz atributlarından ibarət sərgi ilə tanış olublar.
Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıb. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə bütün balakənliləri təbrik edib, Novruzun müstəqillik dövründə daha coşqu və təmtəraqla qeyd olunduğunu diqqətə çatdırıb. Milli adət-ənənələrimizin özümüzə qaytarılmasında, milli bayramlarımızın dövlət səviyyəsində qeyd edilərək ümumxalq bayramı səviyyəsinə qaldırılmasında ümummilli lider Heydər Əliyevin, onun siyasi varisi Prezident İlham Əliyevin böyük xidmətlərinin olduğunu vurğulayıb. Rayon rəhbəri bildirib ki, son dörd ildə isə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir.
Sonra rayon mədəniyyət işçilərinin ifasında bir-birini əvəz edən rəngarəng musiqi nömrələri, balacaların rəqsləri, ədəbi-bədii səhnəciklər iştirakçılarda unudulmaz təəssürat yaradıb.