Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Novruz bayramı təntənəli şəkildə qeyd olunub

19 mart 2026 | 12:00
Balakəndə Novruz bayramı təntənəli şəkildə qeyd olunub
Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu, yaddaşımızı, qədim adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramı Balakəndə böyük coşqu ilə qeyd olunub. Baharın gəlişi münasibətilə martın 19-da Balakən şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ümumrayon şənliyi keçirilib. Tədbirin keçirildiyi park gül-çiçək və səmənilərlə, al-əlvan xonçalarla bayramsayağı bəzədilib. Novruzun atributları əks olunan lövhələr, xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgi və guşələr bayramın təntənəsini əks etdirib.
Bayram tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, icra hakimiyyətinin əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qonaqları “Cəngi” sədalarının müşayiəti ilə Bahar qız, kosa və keçəl, əllərində şərbət, Novruz xonçası tutmuş milli paltarlı qızlar qarşılayıb. Milli geyimli qızlar və oğlanlar “Yallı” rəqsi oynayıblar. Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev musiqi sədaları altında bayram tonqalını alovlandırıb.
Bayram tədbiri çərçivəsində Balakən rayonunda fəaliyyət göstərən sahibkarların, eyni zamanda rayon ümumtəhsil məktəblərinin peşə siniflərinin şagirdlərinin məhsullarından ibarət geniş satış sərgisi təşkil olunub. Tarix-diyarşünaslıq muzeyinin eksponatları, qədim məişət əşyaları, rəsm və digər sərgilər nümayiş etdirilib. İştirakçılar milli mətbəximizin, xalq yaradıcılığının gözəl nümunələrinə tamaşa ediblər. Yerli istehsal olan qidalar və əl işləri qonaqların böyük marağına səbəb olub. Həmçinin idmançılar öz məharətlərini göstəriblər.
Daha sonra rayon sakinlərini Novruz bayramı münasibətilə təbrik edən rayon rəhbəri Natiq Ağayev bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bildirilib ki, son 6 ildə Novruz bayramının qeyd edilməsi xüsusi məna daşıyır. Artıq bu bayram şənliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilir. Rayon rəhbəri tarixi qələbimizə görə şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu diqqətə çatdırıb. Rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev şəxsi vəsaiti ilə Balakən rayonu inteqrasiya təlimli internat tipli gimnaziyanın binasında təmir işləri aparan iş adamı Mamedov Qalib Əhmədov oğlunu təltif edib. Eyni zamanda 10 mart 2026-cı il tarixdə Balakən rayonunda keçirilən velosiped idman növü üzrə region məktəblilərinin turnirində qalib gəlmiş balakənli idmançıları mükafatlandırıb.
Dədə Qorqud və Bahar qızı mərasim iştirakçılarını salamlayıb, onlara xoş arzularını çatdırıb. Bayram şənliyində rayon Mədəniyyət Mərkəzinin əməkdaşları, musiqi və rəqs kollektivləri rəngarəng konsert proqramı ilə çıxış edib, Novruzun personajları olan Kosa və Keçəl məzəli zarafatları ilə iştirakçılarda xoş, unudulmaz təəssürat yaradıb.
Bayram tədbiri parkın ərazisində ağac əkilməsi ilə başa çatıb.
Rayon sakinləri ölkədə hökm sürən əmin-amanlığa və firavan həyata görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, respublikanın inkişafı və xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü işlərdə ona uğurlar arzulayıblar.
Keçidlər