Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Polis Günü qeyd edildi

02 iyul 2026 | 11:00
Bu gün Balakəndə Azərbaycan Polisi Gününə həsr olunmuş tədbir keçirilib.
Balakən Rayon Polis Şöbəsində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, təqaüddə olan keçmiş polis əməkdaşları, RPŞ-nin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib.
Rayon Polis Şöbəsində davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimiz, o cümlədən xidməti vəzifəsini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Giriş sözü ilə çıxış edən Balakən Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Çingiz Aslanov polis əməkdaşlarını “2 iyul Azərbaycan Polisi Günü” münasibəti ilə təbrik edib və daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun polis əməkdaşlarına ünvanlanmış təbrikini çatdırıb.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev polis əməkdaşlarını təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan polisi ötən dövrdə şərəfli yol keçib, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayıb. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan hüquqi islahatların nəticəsi olaraq, polis vahid hüquq-mühafizə orqanı kimi formalaşıb. Hazırda dövlət başçısının diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbə ilə nəticələnən 44 günlük Vətən müharibəsində Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları vahid komandanlıq altında xüsusi qəhrəmanlıq göstərib.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib.
Keçidlər