Balakəndə Polis Günü qeyd olunub
Balakən rayonunda Azərbaycan polisinin yaranmasının 106-cı ildönümü münasibəti ilə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, rayon polis şöbəsinin rəisi, polis polkovniki Çingiz Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları və veteran polislərin iştirakı ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Azərbaycan Polisi Günü münasibətilə iştirakçıları təbrik edib. Polis orqanlarının yaradılmasının şanlı tarixindən və onun təkmilləşdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışan İslam Rzayev, Prezident İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkəmizdə formalaşmış ictimai-siyasi sabitlikdən də söz açıb. O, respublikamızın hər yerində olduğu kimi, Balakəndə də ictimai-siyasi sabitliyin möhkəmləndirilməsində rayon polis şöbəsinin şəxsi heyətinin rolunu qeyd edib. Rayon rəhbəri bildirib ki, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi Çingiz Aslanov polisləri təbrik edib, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-sinin Azərbaycan Polisi Günü elan olunduğunu bildirib. Bu gün Ali Baş Komandan İlham Əliyev tərəfindən daxili işlər orqanlarının inkişafı və onun müasir standartlara cavab verən ali səviyyəyə çatdırılması üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd olunub ki, hüquq-mühafizə orqanları fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurub. Azərbaycan bu gün cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın qabaqcıl dövlətlərindən biridir.
Sonda bir qrup polis əməkdaşı rayon icra hakimiyyətinin fəxri fərman ilə təltif olunub.