Balakəndə rayonun ictimai fəal qadınları ilə görüş keçirilib
04 oktyabr 2023 | 18:12
Azərbaycan Qadınlarının VI Qurultayına hazırlıq ilə əlaqədar oktyabrın 4-də Balakən Rayon İcra Hakimiyyətində rayonun ictimai fəal qadınları ilə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantını Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova açaraq, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirilib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılması məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib bilib, onun qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərəncamlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar olub.
Diqqətə çatdırılıb ki, bu gün Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Qeyd olunub ki, bu gün Balakən qadınları rayonun ictimai-siyasi həyatında fəal rol oynayır, rəhbər vəzifələrdə, təhsil, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əzmlə çalışırlar.
Tədbir diskussiya formasında davam etdirilib. Qadınların problemləri, gender məsələləri, qadın hüquqlarının həyata keçirilməsi, erkən nikah, məişət zorakılığı kimi aktual mövzularla bağlı müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilib.
Tədbirdə, eyni zamanda, Azərbaycan Qadınlarının VI Qurultayında iştirak edəcək nümayəndələr seçilib.