Balakəndə “Şəhərdaxili hərəkət(mobillik) planı”nın hazırlanmasına dair işçi görüş keçirilib
16 iyul 2024 | 12:57
İyulun 15-də Balakən Rayon İcra Hakimiyyətində Azərbaycan Texniki Universitetinin nümayəndələri ilə işçi görüş keçirilib.
Görüşdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru Vilayət Vəliyev, RİH-nin və ATU-nun məsul əməkdaşları iştirak ediblər.
Görüşdə “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” məqsədi ilə Balakən Rayon İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə imzalanıb.
Qeyd edək ki, müqavilə Dayanıqlı inkişaf məqsədlərinin ardıcıl həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 7.4.6.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 22 yanvar tarixli 25 nömrəli “Şəhərdaxili hərəkət (mobillik) planın hazırlanması” qərarına uyğun işlərin görülməsini nəzərdə tutur.
Eyni zamanda görüşdə Balakən şəhərində küçə və yol şəbəkəsində yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən “Şəhərdaxili hərəkət (mobillik) planı”nın hazırlanması istiqamətində yaxın gələcəkdə görüləcək işlər müzakirə olunub, təkliflər sələndirilib. Həmçinin mobillik planı üzrə monitorinqlərin keçirilməsinin zəruriliyindən və bu tədbirlər üzrə hədəflərdən də danışılıb.