Balakəndə Şəhidlərin anım günü qeyd olunub.
Anım mərasimində şəhidlərin qəhrəmanlığından danışılıb. 2001-ci il dekabrın 16-da Balakən rayonunun Kortala kəndində anadan olan Faiq Qalayçiyev 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Faiq Qalayçiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Faiq Qalayçiyev noyabrın 2-də Zəngilan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Kortala kəndində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunan
Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov 1996-cı il avqustun 16-da Balakən rayonunun Qullar kəndində anadan olub. 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub, 2016-cı ilin Aprel döyüşlərində savaşıb. 2017-ci ildən isə Dövlət Sərhəd Xidmətinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Amin Novruzov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin Novruzov noyabrın 2-də Zəngilan döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Novruzova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Həmçinin, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra Amin Novruzov "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb. Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını bildiriblər. Tədbirlərdə çıxış edənlər şəhidlərin döyüş yolundan, onlarda olan yüksək vətənpərvərlik hislərindən danışıblar. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrətində qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığı vurğulanıb. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq. Qeyd olunub ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.