Balakəndə şəhidlərin xatirəsi anılıb
27 sentyabr 2024 | 16:51
Anım Günü ilə əlaqədar sentyabrın 27-də Balakəndə şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası baş tutub. Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində keçirilən aksiyada Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib. Aksiya zamanı şam ağacları əkilib, onlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Daha sonra rayon rəhbəri ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq şəhid ailələri, ictimaiyyətin nümayəndələri, müharibə iştirakçıları və qazilərlə birlikdə Şəhidlər xiyabanına gələrək şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad edib.
Anım tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. 27 sentyabr milli ruhumuzun, milli həmrəyliyimizin ortaya qoyulduğu şərəfli bir tarixdir. Xalqımız Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır.
Digər çıxış edənlər, şəhid anası Tinay Sarkayeva və şəhid atası Şəmsəddin Tuhumov qeyd ediblər ki, bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycan Bayrağı işğaldan azad edilmiş bütün torpaqlarımızda əzəmətlə dalğalanır, Qarabağımız, Şərqi Zəngəzurumuz gündən-günə cənnətə çevrilir. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan əsgəri və Azərbaycan xalqı bir daha sübut etdi ki, şəhidlərimizin qanı nahaq yerə tökülmədi. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır, bundan sonra da müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaqdır.
Anım tədbirində ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbir iştirakçıları saat 12:00-da Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Qeyd edək ki, Anım Günü ərəfəsində şəhid ailələri ziyarət edilib, onlara maddi köməklik göstərilib. Məscidlərdə şəhidlərin ruhuna dualar oxunub. Rayon ərazisində binaların eyvanlarında dövlət bayraqları asılıb.