Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə şəhidlərin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub

07 iyun 2022 | 15:25

     Balakən rayon Talalar kəndində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunan bulaq kompleksinin açılışı olub. Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən Rayon Şöbəsinin rəisi Ramil İsmayılov, rayon ağsaqqalları, digər rəsmilər, rayon sakinləri, şəhidlərin yaxınları iştirak ediblər.
     Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək 44 günlük Vətən müharibəsində Şanlı Zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib. Bu qələbənin daim qəlblərdə yaşayacaq şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyən rayon rəhbəri Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğul yetişdirən şəhidlərin valideyinlərinə dərin ehtiramını bildirib.
   Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək  Azərbaycan Ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs edib. Vurğulayıb ki, Şanlı Zəfər tarixini yazan Vətən oğulları Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
   Digər çıxış edənlər şəhidlərin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb, Talalar kəndindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 18 nəfərin şəhid olduğunu bildiriblər. Şəhid yaxınları oğullarının Vətənə sədaqətindən, torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə necə ürəklə yollanmalarından, onların qısa, lakin şərəfli ömür yolundan danışıb, şəhidlərin xatirəsinin əziz tutulması, şəhid ailələrinə göstərilən diqqət və qayğıkeşliyə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.
   Xatirə bulağının açılışında məktəblilərin ifasında Vətənə, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. 

Keçidlər