Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

10 may 2024 | 18:10
  Mayın 10-da Balakən rayonunda görkəmli siyasi xadim, dahi şəxsiyyət, müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilib. Əvvəlcə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH-nin əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları, rayon hüquq-mühafizə orqanlarının və idarə, müəssisələrin rəhbərləri, kollektivləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər güllər qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
  Müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü çərçivəsində Balakən Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib. Aksiyada həmişəyaşıl şam ağacı əkilib, ərazidə olan bitkilərə qulluq göstərilib, yaşıllıq zonasında təmizlik işləri aparılıb.
Daha sonra rayon Mədəniyyət Mərkəzində rəsmi tədbir keçirilib. Tədbir  iştirakçıları öncə mərkəzin foyesində ulu öndər Heydər Əliyevin iştirak etdiyi beynəlxalq toplantıları və görüşləri, dünya liderlərinin Onun haqqında dediyi sözləri əks etdirən və Ümummilli Lider haqqında yazılmış kitablardan ibarət sərgiyə baxıblar.
  Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məruzə ilə tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, müstəqil, suveren, qüdrətli və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Xalqımızın nicatının, ölkəmizin sürətli inkişafının, bugünkü qələbələrimizin məhz Ulu Öndərin adı ilə bağlı olduğunu vurğulayan icra başçısı qeyd edib ki, bütün bu nailiyyətlərin əsasını Heydər Əliyev qoyub, Azərbaycanımızın gələcək inkişafını təmin edib.
  Qeyd edilib ki, illər ötdükcə Ümummilli Liderin siyasi kursunun və inkişaf strategiyasının nə qədər uzaqgörən olduğu bir daha təsdiqini tapır. Məhz bu siyasi kurs sayəsində ölkəmizdə müstəqilliyimizin milli-ideoloji əsasları möhkəmlənib, suveren dövlətçilik institutlarımız yaranaraq möhkəmlənib. Hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri onun ərazi bütövlüyüdür. Bu baxımdan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan dünyada qalib, azad, güclü, milli maraqlarını ən yüksək səviyyədə qoruyan və prinsipial ölkə kimi tanınıb.
  Daha sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib.
  Tədbir incəsənət ustalarının iştirakı ilə bədii-musiqili proqramla davam etdirilib.
Keçidlər