Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə ulu öndər Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib

12 dekabr 2022 | 15:10

   Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətləri balakənlilər tərəfindən yüksək dəyərləndirilir və onun əziz xatirəsi böyük ehtiramla yad olunur. Azərbaycan tarixində və xalqın yaddaşında  Heydər Əliyev müstəqil və suveren dövlətin simvolu, cəsur insan, böyük vətəndaş kimi qalıb. O, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin siyasi, iqtisadi, hüquqi, sosial-mədəni, elmi əsaslarını yaradan milli inkişaf strategiyasının müəllifidir. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar Ulu Öndərin adı ilə bağlıdır.

   Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini Balakən rayonunda dərin ehtiramla anıblar. Ulu Öndərin vəfatının 19-cu  ildönümü ilə əlaqədar rayon sakinləri əllərində gül-çiçək dəstələri ilə dahi rəhbərin abidəsini ziyarət ediblər. Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, YAP rayon təşkilatının fəalları böyük siyasi xadim Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Anım mərasimində iştirak edən rayon sakinləri dahi şəxsiyyətin müqəddəs ruhu qarşısında baş əyib, Azərbaycan xalqı var olduqca Heydər Əliyevin ürəklərdə yaşayacağını bildiriblər.    

   Daha sonra rayon Mədəniyyət Mərkəzində Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib. Tədbirdə məruzə ilə çıxış edən rayon rəhbəri İslam Rzayev qeyd edib ki, ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Görkəmli dövlət xadiminin hakimiyyətinin hər iki dövründə Azərbaycan xalqına qazandırdığı uğurlar diqqətə çatdırılıb. Bildirib ki, bu gün qələbə sevincimizin əsası məhz ümummilli liderimizin apardığı böyük islahatların, iqtisadi dirçəlişin, aparılan xarici siyasətin nəticəsində qoyulub. O, bu gün də ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik və müdrik siyasəti ilə ölkəmizin yeni, müasir inkişaf dövrünü yaşadığını bildirib. İcra başçısı, həmçinin Heydər Əliyevin zəngin irsinin öyrənilməsinin vacibliyi, bu irsin vətənpərvər və dövlətçiliyə sadiq vətəndaş yetişdirilməsi baxımından müstəsna əhəmiyyəti barədə danışıb.

   Tədbir rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Keçidlər