Şriftin ölçüsü :

Saytın rəngi :

Balakəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

12 may 2025 | 09:49
  Mayın 10-u Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Balakən rayonunda silsilə tədbirlər keçirilib.
 Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından başlayaraq Ulu Öndərin Balakən şəhərindəki mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
  Daha sonra “Qubek” otelinin akt zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyev – Qəlblərdə Yaşayan Lider” mövzusunda konfrans keçirilib.
  Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
  Konfransda geniş məruzə ilə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsindən bəhs edib. Dahi şəxsiyyətin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazandığını vurğulayıb. Qeyd olunub ki, məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyulub. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın sabitliyi təmin olunub, ölkəmiz bölgədə və beynəlxalq aləmdə söz sahibi olan bir dövlətə çevrilib. Onun ideyaları bu gün də yaşayır və inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu ideyalar uğurla davam etdirilir, Azərbaycan güclənir, qüdrətlənir və regionda lider mövqeyini möhkəmləndirir.
  Digər çıxış edənlər Balakən rayonu üzrə təhsil sektorunun müdiri Mehparə Mirzəyeva, “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan zabit, Ulu Öndər Heydər Əliyevlə şəxsən görüşmüş Aydın Abdullayev,  Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramazan Xutra çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, eləcə də gənclərin milli ruhda tərbiyə olunmasındakı misilsiz xidmətlərindən bəhs ediblər. Xalqımızın bugünkü firavan həyata, müstəqilliyimizin əbədi və dönməz olmasına, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulmasına görə Ulu Öndər Heydər Əliyevə borclu olduğunu bildiriblər.
  Daha sonra Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş və maraqlı konsert proqramı təşkil olunub. Konsertdə yerli incəsənət ustaları tərəfindən Ümummilli Lider Heydər Əliyevə və müstəqil Azərbaycana həsr olunmuş vətənpərvər ruhlu musiqi nömrələri ifa olunub.
Keçidlər