Balakəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
08 may 2025 | 10:42
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Balakən Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə iştirakçılar öncə sərgi ilə tanış olub.
Sonra tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının sədri Azad Balayev ümummilli lider Heydər Əliyevin Prezident seçilməsi ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsasının qoyulduğunu qeyd edib. Bu gün ölkəmizdə Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsi nəticəsində, Azərbaycan inkişaf edir.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bildirib ki, bu gün bizi möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, Azərbaycanı ən sürətlə inkişaf edən ölkələr sırasına yüksəldən iqtisadi gücümüzə, ölkəmizi Avropanın ən etibarlı enerji tərəfdaşlarından birinə çevirmiş neft-qaz siyasətinə qədər dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində ümummilli lider Heydər Əliyevin xidmətlərinin, onun əməyinin, zəkasının, uzaqgörənliyinin izləri var. Bu gün Azərbaycan Heydər Əliyev siyasətinin ən mahir davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksəliş yolunda inamla irəliləyir. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır!” deyən Ulu Öndər Heydər Əliyevin ideyaları bu gün İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Digər çıxış edənlər ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni eranın təməlinin qoyulduğunu bildiriblər. Qeyd olunub ki, Heydər Əliyevin ideyaları bugünkü güclü, zəngin, inkişaf edən Azərbaycanın, eləcə də ölkəmizin dünyada layiqli yer tutmasının əsasını qoydu. Ümummilli lider Heydər Əliyevin ideyaları Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin etibarlı və möhkəm dayaqlar üzərində qoyulması deməkdir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.