Balakəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
10 may 2026 | 15:43
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Balakən rayonunda silsilə tədbirlər keçirilib. May ayının 10-da rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Nəsib Məhəməliyev, RİHB Aparatının məsul əməkdaşları, rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Balakən şəhərində əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
Daha sonra Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Vətən müharibəsi qazisinin yeni açılan ictimai iaşə obyektinə, robotexnika sərgisinə və rayon sakinləri, şahmatsevərlər üçün yeni yaradılan açıq havada şahmat meydançasına baxış keçirilib.
Eyni zamanda Heydər Əliyev adına mədəniyyət və istirahət parkında geniş və maraqlı konsert proqramı təşkil olunub. Rayon ağsaqqalı Mədət Bağırov, Milli Məclisin deputatı Nəsib Məhəməliyev çıxış edərək, Ümummilli Liderin siyasi fəaliyyətindən, Azərbaycan xalqı və dövləti üçün gördüyü misilsiz işlərdən, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən danışıblar.
Konsertdə yerli incəsənət ustaları tərəfindən Ümummilli Lider Heydər Əliyevə və müstəqil Azərbaycana həsr olunmuş vətənpərvər ruhlu musiqi nömrələri ifa olunub.
Konsert zamanı matorlu yamac paraşütü növü olan paratrayk uçuşu tamaşaçıların böyük marağına səbəb olub.






