Balakəndə Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib
Azərbaycan xalqının böyük oğlu, unudulmaz tarixi şəxsiyyət ulu öndər Heydər Əliyevin vəfatının iyirmi birinci ildönümü Balakən rayonunda dahi rəhbərə sonsuz məhəbbət və ehtiram hissi ilə anılıb. Anım günü ərəfəsində idarə, müəssisə və təşkilatlarda xatirə tədbirləri, konfranslar, ümumtəhsil məktəblərində şeir, inşa yazı və rəsm müsabiqələri keçirilib, idman yarışları təşkil olunub.
Dekabrın 12-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, əmək kollektivlərinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri səhər saatlarından başlayaraq Ulu Öndərin Balakən şəhərindəki mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra Ümummilli Liderin anım günü ilə əlaqədar ehsan mərasimi təşkil olunub. Mərasimdə çıxış edən Balakən Rayon İcra hakimiyyətinin başçısı İslam Rzayev ulu öndər Heydər Əliyevin zəngin həyat yolundan, xalqımız və dövlətçiliyimiz qarşısındakı əvəzsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, Azərbaycanın çağdaş tarixinin böyük bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, vətəndaş müharibəsinin qarşısını alıb, atəşkəs rejiminin tətbiqinə nail olub, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Qeyd olunub ki, müasir Azərbaycan tarixinin yaradıcısı olan Heydər Əliyev xalqımızın qürur mənbəyi, tarixi bir şəxsiyyət kimi yaddaşlara əbədi həkk olunub.