Balakəndə velosiped idman növü üzrə turnir keçirilib
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası, AHİİTA, Balakən Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin dəstəyi ilə təşkil olunan turnirdə Balakən, Zaqatala və Qax rayonlarından olan 200-ə yaxın məktəbli iştirak edib.
Tədbirin açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev qonaqları və idmançıları salamlayaraq gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə velosiped idman növünün əhəmiyyətini qeyd edib, idmançılara uğurlar arzulayıb.
Digər çıxış edənlər Milli Məclisin deputatı Azər Kərimli, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov, AHİİTA-nın direktor müavini Fikrət Hacıyev, Toba şirkətinin əməkdaşı Həsən Seyfullayev iştirakçılara uğurlar arzulayıb, bu cür yarışların idmana marağın artırılmasında mühüm rol oynadığını qeyd ediblər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda 3.5 km-lik məsafədə idmançılar müxtəlif yaş kateqoriyaları üzrə qalib olmaq uğrunda mübarizə aparıblar.
Turnirin nəticəsinə əsasən iki yaş kateqoriyası üzrə oğlanların yarışında Balakəndən olan, qızların yarışında isə Zaqataladan olan məktəblilər fərqləniblər.
Yarışın yekununda qalib və mükafatçılar diplom və medallarla təltif olunublar. Eyni zamanda hər kateqoriya üzrə birinci yeri tutan idmançılara qiymətli hədiyyə – velosiped təqdim edilib.
Qeyd edək ki, bu cür idman tədbirlərinin keçirilməsi region gəncləri arasında sağlam həyat tərzinin təşviqinə, velosiped idman növünün inkişafına və gənclərin idmana marağının artırılmasına mühüm töhfə verir.






