Balakəndə yaş barama tədarükünə başlanılıb
Balakən rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günlərində kümçülər tərəfindən rayondakı qəbul məntəqəsinə 10 ton 12 kiloqram yaş barama təhvil verilib.
Builki mövsümdə Balakən rayonunda yaş barama istehsalının 35,4 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi üçün 268 kümçü ilə müqavilə bağlanılıb, onlara Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunmuş 885 qutu, yəni 16,8 kiloqram ipəkqurdu paylanılıb.
İlkin olaraq məntəqəyə rayonun Şərif kənd sakini Şahin Kahayev 72,6 kiloqram yaş barama təhvil verib. Kümçü bu il 28 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Mövsümün ilk günlərində İtitala kəndindən Rəyyət Hüseynova məntəqəyə 410,2 kiloqram, Katex kəndindən Nazlı Əbəkiyeva 241,3 kiloqram, Gərəkli kəndindən Elçin Babayev isə 142,2 kiloqram yaş barama təhvil veriblər. Məntəqədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir.