Balakəndə “Zamanın rəngləri – Zəfər” sərgisinin açılışı olub
02 noyabr 2026 | 15:00
Bu gün rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsində qazanılmış şanlı Qələbənin 6-cı ildönümü, Zəfər Günü ilə əlaqədar Azərbaycan Rəssamlar İttifaqının üzvü, professor Məhəmməd Yüzbaşıyevin əsərlərindən ibarət sərginin açılışı olub.
Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Azərbaycan Rəssamlar İttifaqının üzvü, professor Məhəmməd Yüzbaşıyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailəsinin üzvləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respubikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimində çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Qələbədən, Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığından söz açılıb. Sərginin əhəmiyyətini vurğulayıb, təqdim olunan əsərlər haqqında fikirlərini bölüşüb.
Sərgidə rəssamın Zəfər Gününün tarixi əhəmiyyətini, xalqımızın qəhrəmanlığını və qələbə ruhunu, eyni zamanda milli-mənəvi dəyərlərini əks etdirən əsərləri nümayiş olunub.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, professor Məhəmməd Yüzbaşıyev göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, 6 noyabr tarixinədək davam edəcək sərgi günlərində rəssamla görüşlər, Balakən rayon Heydər Əliyev Mərkəzi və Tarix-Diyarşünaslıq muzeyində "Heydər Əliyev və Azərbaycan incəsənəti", "Azərbaycan incəsənətində Zəfər mövzusu" başlığı altında dəyirmi masalar, Balakən Uşaq İncəsənət məktəbində isə rəngkarlıq sənəti üzrə ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.






