Balakənin Qabaqçöl qəsəbəsində yeni polis bölməsinin açılışı olub
1 noyabr 2022-ci il tarixində Qabaqçöl qəsəbəsində yeni polis bölməsinin açılışı olub. Açılış tədbirində Balakən Rayon İcra Hakimyyətinin başçısı İslam Rzayev, Rayon Polis Şöbəsinin rəisi Çingiz Aslanov, icra hakimiyyətinin nümayəndələri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, qəsəbə və ətraf kəndlərin əhalisi, şəhid və qazi ailələri iştirak ediblər.
Rayon Polis Şöbəsinin rəisi Çingiz Aslanov açılış çıxışında Balakən rayonunda Azərbaycan polisinin dövlətin və vətəndaşların mənafeyinə ləyaqətlə xidmət etdiyini diqqətə çatdırıb. O bildirib ki, polis işçiləri asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirirlər. Bu gün Prezident İlham Əliyevin ali diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının maddi-texniki bazasının, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Qabaqçöl qəsəbəsində polis bölməsinin yeni inzibati binasının istifadəyə verilməsi də şəxsi heyətə dövlət qayğısının növbəti əyani təzahürüdür.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək bölmə işçilərini bu münasibətlə təbrik edib. O bildirib ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Təbii ki, sabitliyin əldə olunması o qədər də asan başa gəlməmişdir. Ölkəmiz öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis mübarizə aparırdı. 44 günlük Vətən müharibəsində də ölkəmizdəki bütün qoşun növləri, o cümlədən Daxili Qoşunlar iştirak edib, bu döyüşlərdə böyük rəşadət və qəhrəmanlıq göstərib. Silahlı Qüvvələrimizin tərkib hissəsi kimi Daxili Qoşunların əzmi, cəsarət və qüdrəti qarşısında davam gətirməyən düşmən silah-sursatını döyüş meydanında ataraq işğal altındakı ərazilərdən qaçmağa məcbur olub. Qabaqçöl qəsəbəsində yerləşən yeni bölmə qəsəbənin və ətrafda olan 6 kəndin vətəndaşlarının təhlükəsizliyi və Azərbaycan polisinin vətəndaşlara xidməti istiqamətində əlçatanlığın təmin olunmasında mühüm rol oynayacaqdır. Polis peşəsinin şərəfli bir peşə olduğunu deyən icra başçısı bölmənin əməkdaşlarına öz işlərində uğurlar arzulayıb. Daha sonra şəhid anaları ilə birgə açılış lenti kəsilib.
Açılışdan sonra mərasim iştirakçıları yeni polis bölməsinə baxış keçirib. Balakən Rayon Polis Şöbəsinin rəisi icra başçısına burada yaradılan şərait və imkanlar barədə məlumat verib.
Qeyd edək ki, yeni polis bölməsində polislərin səmərəli işləməsi, əhaliyə xidmət göstərməsi üçün bütün imkanlar yaradılıb. Bölmə istilik sistemi, texniki avadanlıqlarla təmin edilib.
Xatırladaq ki, Qabaqçöl qəsəbəsində açılan yeni polis bölməsi qəsəbə və ətraf 6 kəndi əhatə etməklə ümumilikdə 20 minə yaxın əhaliyə xidmət göstərəcək.