Şriftin ölçüsü :

Saytın rəngi :

Balakənin ümumtəhsil məktəblərində “Son zəng” sevinci yaşanıb

14 iyun 2022 | 12:20

   İyunun 14-də ölkəmizin hər yerində olduğu kimi, Balakən rayonunun ümumtəhsil məktəblərində də dərs ilinin başa çatdığını bildirən son zəng çalınıb. On bir il bundan əvvəl titrək addımlarla məktəb astanasına qədəm qoyan onbirincilər bu gün məktəb illərinə “əlvida” deyiblər.

   “Son zəng” münasibətilə rayonun ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə məzunlar, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

   Balakən rayon humanitar və texniki təmayüllü liseydə və Nizami adına şəhər 1 saylı tam orta məktəbdə “Son zəng” tədbirlərində iştirak edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev ölkəmizdə, o cümlədən Balakən rayonunda təhsilin səviyyəsinin yüksəldilməsi, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən danışıb. İslam Rzayev məzunları, onların valideynlərini əlamətdar gün münasibətilə təbrik edərək məzunlara müstəqil həyatda uğurlar arzulayıb, ölkəmizin bundan sonra da hərtərəfli inkişafı və çiçəklənməsi işinə öz layiqli töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

   Məzunlar onların qayğısını çəkən, elmin sirlərini səylə, səbirlə öyrədən, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşmasına çalışan müəllimlərə və valideynlərə minnətdarlıqlarını bildirərək, Azərbaycanımıza, doğma yurda layiqli vətəndaş olmalarına söz veriblər.

   “Son zəng” mərasimləri məktəblilərin hazırladıqları musiqili, ədəbi-bədii proqramla davam edib.

   Qeyd edək ki, 2021-2022-ci tədris ilində Balakən rayonunun ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdən 735 nəfər XI sinfi bitirib.

Keçidlər