Dövlət Bayrağı Günü qeyd olunub
Balakən “Bayraq Muzeyi”ndə 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən qəhrəman oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bildirib ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü müqəddəs bayrağımıza, tarixi keçmişimizə və mənəvi-siyasi dəyərlərimizə dövlət səviyyəsində olan diqqət və ehtiramın göstəricisidir. Ölkə Prezidentinin sərəncamına əsasən hər il 9 noyabr tarixi Azərbaycanda rəsmi olaraq Dövlət Bayrağı Günü kimi qeyd edilir. 1918-ci ilin 9 noyabrında təsis edilmiş üçrəngli dövlət bayrağımız 70 ildən sonra yenidən 17 noyabr 1990–cı ildə ulu öndər Heydər Əliyevin təklifi və Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunub.
Rayon rəhbəri vurğulayıb ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ordumuz tərəfindən işğaldan azad olunmuş şəhərlərimizdə üçrəngli bayrağımızın dalğalanması zəfərə gedən yolumuzu daha da işıqlandırırdı. Bu ərazilərimizdə dalğalanan Dövlət Bayrağımız ölkəmizin və ordumuzun qüdrətini bir daha göstərir, hər bir vətəndaşı qürurlandırır.
Digər çıxış edənlər ərazi bütövlüyümüzün, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu olan müqəddəs bayrağımızın bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad edilən qədim yurd yerlərimizdə dalğalandığını bildiriblər.
Daha sonra rayon mədəniyyət işçilərinin ifasında Dövlət Bayrağı Gününə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.