Şriftin ölçüsü :

Saytın rəngi :

"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibi ilə görüş keçirilib

11 may 2022 | 17:02

   Balakən Rayon İcra Hakimiyyətində ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən "Ən yaxşı təqdimat" müsabiqəsində respublika birincisi olan Balakən rayon Nizami adına şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Davud Xəsmədov ilə görüş keçirilib.

   Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova, habelə rayon Təhsil Şöbəsinin müdiri Elçin Musayev və Nizami adına şəhər 1 nömrəli məktəbin direktoru Şəfiqə Tütünçüyeva iştirak edib.

   Rayon rəhbəri qeyd edib ki, ulu öndər Heydər Əliyevin gənclərlə bağlı həyata keçirdiyi siyasət hazırda ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirlər sırasında “Ən yaxşı təqdimat” müsabiqəsinin rolunu vurğulayan İslam Rzayev artıq ənənəyə çevrilən bu müsabiqənin gənclərin vətənpərvər ruhunda yetişməsində xüsusi rol oynadığını qeyd edib.

   Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Davud Xəsmədovu belə bir mötəbər müsabiqədə qalib olması münasibətilə təbrik edib, təhsilində və gələcək həyatında uğurlar arzulayıb.

   Xatırladaq ki, Davud Xəsmədov "Ən yaxşı təqdimat" müsabiqəsində Respublika üzrə l yerə layiq görülərək təhsil nazirinin əmri ilə l dərəcəli diplomla təltif edilib.

Keçidlər