“GəncSƏN” adlı bədii-əyləncəli tədbir keçirilib
Balakən Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, Gənclər Evi sosial xidmət müəssisəsini, Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Balakən Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 28-ci ildönümünə həsr edilmiş “GəncSƏN” adlı bədii-əyləncəli tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Türkan Əliyeva iştirakçıları salamlayaraq nazirliyinin yaranması münasibəti ilə hər kəsi təbrik edib, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, dövlət başçısının qayğısı ilə ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Bugün ölkəmizdə gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı atılan addımlar və qəbul olunan qərarlar gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Daha sonra tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Gənclər Evi Sosial Xidmət müssisəsinin əməkdaşı Osman Əliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şahin Qarakişiyev ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı olan ölkə Prezidentinin gənclərlə bağlı imzaladığı bir çox sənədlərin respublikamızın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdığını qeyd ediblər. Vurğulanıb ki, gənclər ölkə başçısı İlham Əliyevin ətrafında sıx birləşərək müstəqil Azərbaycanın çiçəklənməsi, dövlət müstəqilliyimizin daha da möhkəmlənməsi naminə səylə çalışırlar.
Daha sonra tədbir iştirakçıları əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olub, ayrı-ayrı idman növlərində gənc idmançıların nümunəvi çıxışlarına baxıblar. Şən klounun, sevimli pandanın kompozisiyaları, müxtəlif musiqi və rəqs şouları gənc və yeniyetmələr tərəfindən maraqla qarşılanıb.