Gərəkli kəndində səyyar qəbul keçirilib
22 sentyabr 2023 | 10:25
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev sentyabrın 21-də Gərəkli kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. 19-20 sentyabr tarixlərində erməni hərbi birləşmələrinin təxribatlarına cavab olaraq Ordumuzun bölgədə keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən bəhs edib. Rayon rəhbəri qeyd edib ki, lokal antiterror əməliyyatları nəticəsində Qarabağda qayda-qanunun yaradılmasına və bu bölgədə birdəfəlik sülhün bərqərar olmasına, gələcək nəsillərin müharibəsiz şəraitdə yaşamasına nail olduq. Bu tarixi qələbədə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində baş rol, baş səbəbkar məhz cənab Prezident İlham Əliyevdir.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. İmran Kazımov kəndin 500 təsərrüfatı birləşdirən, mərkəzi yolunun məktəbdən magistral yola qədər olan hissəsinə asfalt tökülməsinə, Xəlilullah Xəlilov yaşadıqları ərazidə sel–sularının daşması nəticəsində evlərə və təsərrüfatlara ziyan dəyməsinin qarşısını almaq məqsədilə həmin ərazidə yerləşən su kanallarının texnika vasitəsilə təmizlənməsinə, Mustafa Bodurov həyətyanı torpaq sahəsinin sənədləşdirilməsinə, Ənvər Mustafayev “Cınıxovlar obası” adlanan 40 təsərrüfatın yerləşdiyi əraziyə içməli su xəttinin çəkilməsinə, Fərhad Anayev kənd qəbiristanlığının yaxınlığında 30 təsərrüfatın yerləşdiyi ərazidə elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına, Səid Cəlilov “Məktəbyanı” adlanan ərazidə içməli su probleminin həlli üçün artezian quyusunun qazılmasına, Anisət İsmayılova isə Hunbul çayın üzərindəki körpüdən yaşadıqları əraziyə gələn yolun texnika vasitəsilə düzəldilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.