Görkəmli tar ustası Aydın Tağıyevin 90 illik yubileyinə həsr olunan “Tarixdən bu günümüzə süzülən tar sənəti” adlı konfrans-konsert keçirilib
Noyabrın 7-də Balakən Rayon İcra Hakimiyyətinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə görkəmli tar ustası Aydın Tağıyevin 90 illik yubileyinə həsr olunan “Tarixdən bu günümüzə süzülən tar sənəti” adlı konfrans-konsert keçirilib.
Uşaq İncəsənət Məktəbində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev tar sənətinin inkişafında əvəzsiz xidmətləri ilə tanınan, alətlərin təkmilləşdirilməsində özünəməxsus rol oynamış, görkəmli musiqiçilərlə sıx əlaqədə olan simli alətlərin ustası Aydın Tağıyevin həyatı və yaradıcılığı haqqında məlumat verib. Qeyd olunub ki, Aydın Tağıyev ötən əsrin 60-cı illərin ortasından başlayaraq,təqribən 25 il davamlı şəkildə gözəl tarlar hazırlamaqla yalnız Azərbaycanda deyil, keçmiş SSRİ-də, yaxın xarici ölkələrdə tanınıb.
Görkəmli tarzən, Azərbaycanın xalq artisti, professor Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” və “Şərəf” ordenli Ramiz Quliyev Aydın Tağıyevin milli musiqi alətimiz tarın milliyinin, Azərbaycana məxsusluğunun qorunub saxlanmasındakı xidmətlərindən söz açıb.
Digər çıxış edənlər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Azərbaycan Mili Konservatoriyasının professoru, sənətşunaslıq elmləri doktoru Abbasqulu Nəcəfzadə, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, Xalq artisti, dosent Zümrüd Məmmədova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənli, Bakı Xoreoqrafiya Akademiyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova Aydın Tağıyevin yaradıcılığına işıq salıb, onun irsinin araşdırılmasının, haqqında məlumatların toplanmasının, eyni zamanda yaratdığı musiqi alətlərinin öyrənilməsinin və yaradıcılığının gənc nəslə çatdırılmasının əhəmiyyətini vurğulayıblar.
Konfransda, eyni zamanda Azərbaycan milli musiqisindən nümunələr səsləndirilib.