Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı müşavirə keçirilib
Aprelin 14-də Balakən Rayon İcra Hakimiyyətində hava şəraitinin kəskin dəyişməsi, intensiv yağışlarla əlaqədar qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə müşavirə keçirilib. Müşavirədə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, rayon fövqəladə hallar komissiyasının üzvləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Rayon rəhbəri İslam Rzayev bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-dək gözlənilən proses ilə əlaqədar transsərhəd və ölkənin əksər yerli çaylarında yüksək sululuğun davam edəcəyi, əsasən dağ çaylarından sel və daşqın keçəcəyi, həmçinin dağların yamaclarından axan yağış suları çayların ətraf ərazilərində subasmaya səbəb olacağı ehtimalı var. Aprelin 16-da isə prosesin daha da kəskinləşəcəyi, leysan yağışının aramsız, əksər rayonlarda intensiv və güclü olacağı, prosesin şimşək ilə müşahidə olunacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı yüksəkdir.
Müşavirədə qeyd olunan təbiət hadisəsi zamanı rayon ərazisində subasmaya məruz qalma ehtimalı olan ünvanların, o cümlədən daşma təhlükəsi olan çayların, avtomobil yollarının diqqətdə saxlanılması əsas müzakirə mövzusu olub.
Kommunal xidmət sahələri (elektrik, qaz, su və digər) rəhbərlərinə, eyni zamanda rayonun şəhər, qəsəbə və kənd bələdiyyə sədrlərinə, icra nümayəndələrinə sözügedən sahələrin diqqətdə saxlanılması ilə bağlı konkret tapşırıqlar verilib.