“Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda toplantı keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə aprelin 19-da Balakəndə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda toplantı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
“Qubek” otelin konfrans zalında keçirilən toplantının əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərin xatirəsinə həsr edilmiş film nümayiş olunub.
Toplantıda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ümummilli Lider Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bilavasitə bağlıdır. Оnun ölkəmizə rəhbərliyi zamanı respublikamız əsrə bərabər inkişaf yоlu keçib. Ulu Öndər öz ölkəsinə rəhbərlik etdiyi hər iki dövrdə var qüvvəsini və bacarığını Azərbaycanın yüksəlişinə həsr edib, respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı оlub.
Vurğulanıb ki, Heydər Əliyevin birinci rəhbərliyi dövründə aparılan kompleks islahatlar, formalaşdırılan güclü aqrar-sənaye, energetika və neft-kimya sənayesi potensialı Azərbaycanı nəinki qabaqcıl respublikalardan birinə çevirib, eyni zamanda, onun gələcək müstəqilliyi üçün fundamental əsaslar yaradıb. 1969-cu ildən başlayan inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası olub. Həmin vaxt yaradılan sosial-iqtisadi və siyasi-ideoloji təməl respublikamızın bugünkü yüksəlişinin sütunlarındandır.
Qeyd olunub ki, Ulu Öndər Prezident İlham Əliyevin timsalında özünün layiqli varisini, müəyyən etdiyi siyasi kursu davam etdirməyə qadir, qətiyyətli və milli dəyərlərə bağlı lider yetişdirib. Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir nailiyyət, Azərbaycanın keçdiyi dinamik inkişaf yolu, qlobal miqyasda söz sahibinə çevrilməsi bir daha Ulu Öndərin nə qədər müdrik və uzaqgörən olduğunu aydın şəkildə təsdiq edir.
Toplantıda Milli Məclisin deputatı Kamilə Əliyeva, YAP Balakən rayon təşkilatının sədri Azad Balayev və sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəfəq Hacıyeva çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıblar. Bildirilib ki, Heydər Əliyev irsi ölkəmizin bugünkü davamlı inkişafının təminatıdır. Azərbaycan Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Dahi şəxsiyyətin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, həmçinin sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.