Şriftin ölçüsü :

Saytın rəngi :

"Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda tədbir keçirilib

24 iyun 2023 | 16:43

  İyunun 24-də YAP Balakən rayon təşkilatında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi və 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə "Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu" mövzusunda tədbir  keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər və çağırışcı gənclər iştirak edib.

  Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turan Dibirov çıxış edərək Ulu Öndərin 1993-cü ilin iyununda ölkənin dərin iqtisadi, siyasi böhrandan, acınacaqlı vəziyyətdən xilas etmək üçün ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, sülh və əmin-amanlığın bərpa edilməsi üçün düşmənlə atəşkəs əldə olunmasından danışıb. Ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də inkişafa nail olunduğu vurğulanıb, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində vahid komandanlıq altında nizami ordunun yaradıldığı bildirilib.

  Qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə yüksək maddi-texniki bazaya və döyüş qabiliyyətinə malik ordu yaradılıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində mənfur erməni tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etdi, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratdılar.

  Digər çıxış edənlər də Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu sahəsində son illərdə əldə olunmuş uğurlardan danışıblar. Qeyd edilib ki, ordumuz hər birimizin iftixarı, xalqımızın qürur mənbəyidir. Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu bir daha vurğulanıb.

  Sonda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusuna həsr olunan film nümayiş etdirilib.

Keçidlər