İcra başçısı “Balmeyvə” MMC-nin fəaliyyəti ilə tanış olub
20 oktyabr 2026 | 12:00
Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev rayonun Katex və Beretbinə kəndləri ərazisində yerləşən “Balmeyvə” MMC-nin intensiv meyvə bağına və təsərrüfat sahələrinə baxış keçirib. İcra başçısına təsərrüfat barədə məlumat verilib. 2012-ci ildə salınmış və ümumilikdə 190,0 hektar torpaq sahəsini əhatə edən “Balmeyvə” MMC regionda kənd təsərrüfatının inkişafına, daxili bazarın təminatına və ixrac potensialının artırılmasına mühüm töhfə verir. Təsərrüfatın əsas fəaliyyət istiqamətlərini intensiv bağçılıq, qarğıdalıçılıq, taxılçılıq və balıqçılıq təşkil edir. Qeyd edək ki, 29 iyul 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Balakən rayonuna səfəri çərçivəsində bu müəssisənin fəaliyyəti ilə yaxından tanış olub.
Müəssisə tərəfindən 52,7 hektar sahəsində müasir damcı suvarma sistemi ilə təchiz olunmuş meyvə bağları salınıb. Bunun 41,0 hektarını alma, 7,5 hektarını gavalı, 3,0 hektarını şaftalı və 1,2 hektarını armud bağları təşkil edir. İntensiv bağçılıq təsərrüfatından il ərzində 1500 ton məhsul istehsal olunur. İstehsal olunan məhsulun bir qismi daxili bazarda reallaşdırılır, digər hissəsi isə Rusiya Federasiyasına ixrac edilir. Təsərrüfatda innovativ üsulların tətbiqi davam etdirilir. 2026-cı ildə 4,08 hektar sahədə dirək üsulu ilə yeni intensiv alma bağı salınmışdır.
Həmçinin müəssisə tərəfindən 2026-cı ildə 50,0 hektar sahədə qarğıdalı və 40,0 hektar sahədə buğda əkilib. Buğda biçini artıq yekunlaşmışdır. 40,0 hektar sahədən 150,0 ton məhsul yığılıb, məhsuldarlıq 37,5 sentner təşkil etmişdir.
Müəssisədə 15,0 hektar sahədə balıq gölü fəaliyyət göstərir. Hal-hazırda göldə 14,500 ədəd sazan və xanı balığı bəslənilir, ilin sonunadək 40,0 ton balıq məhsulu istehsalı nəzərdə tutulur. Əlavə olaraq, 2027-ci il üçün 50,000 ədəd Ağ Amur növlü balıq malyuku yetişdirilir. Çəkisi 0,5 kq-a çatacaq bu balıqların 20,000 ədədi təsərrüfatın özü üçün istifadə ediləcəkdir. 30,000 ədədinin isə satışı nəzərdə tutulur.
Məhsulların keyfiyyətlə saxlanması üçün müəssisədə 11 kameradan ibarət, 1100 ton tutumu olan soyuducu anbar mövcuddur. Meyvələrin standarta uyğun çeşidlənməsi üçün xüsusi avtomatlaşdırılmış xətt quraşdırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev təsərrüfatda görülən işləri, müasir texnologiyaların tətbiqini yüksək qiymətləndirib, müəssisənin kollektivinə və rəhbərliyinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.






