İtitala kəndində səyyar qəbul keçirilib
05 oktyabr 2023 | 12:08
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev oktyabrın 5-də İtitala kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb. Rayon rəhbəri son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən, Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror tədbirlərindən və əldə olunmuş nəticələrdən bəhs edib, Prezident cənab İlham Əliyevin oktyabr ayının 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışından bəzi mesajları iclas iştirakçılarının nəzərinə çatdırıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Qızılgül Muradova Katex çayının kəndin ərazisindən keçən hissəsindəki körpünün altının məişət tullantılarından təmizlənməsinə, Ayşa Ramazanova kəndin “Qazma oba“ adlanan ərazisində yararsız elektrik dirəklərinin yenisi ilə əvəz olunmasına, Şamsu Baydarova Katex çayının sağ sahilində beton bəndlərin qurulmasına, Nübgər Qarayeva isə internetin sürətinin artırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.