Katex kəndində noyabrın 16-da növbəti səyyar qəbul keçirilib
16 noyabr 2023 | 13:59
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev noyabrın 16-da Katex kəndində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev səyyar qəbulda çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Ramazan Dubuxov 6,5 km uzunluğunda olan Beretbinə yaşayış məntəqəsi yolunun asfaltlaşdırılmasına, Elxan Parabaşov kəndin “Sovxoz oba” adlanan ərazisində qaz təzyiqinin artırılmasına və elektrik naqillərinin yenilənməsinə, Ramazan Babayev Katex çayının sahillərində mövsümi sahil-bərkitmə işlərinin aparılmasına, Elcan Mehdiyev kəndin Qarahacılı adlanan ərazisində yolun təmir olunmasına, Xədicət Hacıyeva həyətyanı sahədə apardığı tikinti işlərinin sənədləşdirilməsinə, Əhməd Kərimov isə kənd ərazisində yanğınsöndürmə məntəqəsinin tikilməsinə köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.