Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı işçiləri günü qeyd olunub

02 noyabr 2026 | 11:00
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında 1 noyabr – kənd təsərrüfatı işçiləri günü münasibətilə tədbir keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət və özəl qurumların rəhbər və əməkdaşları, fermerlər, sahibkarlar və digər rəsmilər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev kənd təsərrüfatının ölkə iqtisadiyyatının əsas və strateji sahələrindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatına göstərilən dövlət dəstəyi və tətbiq olunan stimullaşdırıcı mexanizmlər nəticəsində ölkədə aqrar sektorun inkişafı üçün geniş imkanlar yaradılıb, müasir texnologiyaların tətbiqi və istehsalın artırılması istiqamətində mühüm addımlar atılıb. Bildirilib ki, zəngin aqrar potensiala malik Balakən rayonunun iqtisadiyyatında kənd təsərrüfatı mühüm yer tutur. Rayon rəhbəri aqrar sahədə çalışan zəhmətkeşlərin əməyini yüksək qiymətləndirib, qarşıdakı dövrdə də məhsuldarlığın və istehsal həcminin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Sonra 1 noyabr – kənd təsərrüfatı işçiləri günü münasibətilə rayonun aqrar inkişafına verdikləri töhfələr nəzərə alınaraq bir qrup şəxsə Balakən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub.
Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elvin Səmədov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə məlumat verib. Bildirilib ki, proqram çərçivəsində rayonda yeni intensiv meyvə bağlarının salınması, günəbaxan yağının istehsalı, gön-dəri emalı müəssisəsinin yaradılması, soyuducu anbarların tikilməsi kimi mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Artıq dövlət proqramının icrası istiqamətində təsərrüfatlarda konkret tədbirlərin həyata keçirilməsinə başlanılıb.
Fermer və sahibkarlar göstərilən diqqətə və əməyə verilən yüksək qiymətə görə minnətdarlıqlarını ifadə ediblər. Onlar qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi, istehsalın artırılması, məhsuldarlığın yüksəldilməsi və Balakən rayonunun aqrar potensialının daha da genişləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərinə əminliklərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə "AZZA" MMC-nin təsisçisi, balakənli fermer Zaur Əhmədiyev "Tərəqqi" medalı ilə təltif edilib.
Keçidlər