“Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
Aprelin 4-də Balakən Rayon İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Təhsil İdarəsi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıblar. Qeyd edilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla vurğulayıb ki, hazırda ölkəmiz müstəqillik tarixinin ən yüksək inkişaf dövrünü yaşayır. Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Qürurverici haldır ki, tarixi Zəfər sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, yəni burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə bərqərar edilmişdir. Bu Azərbaycan xalqının dövlət suverenliyinin qorunması uğrunda apardığı mübarizənin və gələcəyə olan əzminin təcəssümüdür.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova diqqətə çatdırıb ki, 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması xalqımızın həyatında yeni və xoş başlanğıcların müjdəsidir. Azərbaycan Respublikası özünün milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir. Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Xalqımızın milli iradəsi, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti, vətəndaşlarımızın bu inkişaf siyasətinə dəstəyi sayəsində Azərbaycan daha böyük hədəflərə çatacaq, tərəqqinin yeni mərhələlərinə yüksələcəkdir.
Rayon Ağsaqqallar Şurasının sədri Xəlifə Mirəliyev və Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva çıxış edərək Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30-cu ildönümünün ərazi bütövlüyü, suverenliyi təmin olunmuş dövlətimizdə qeyd edilməsinin tarixi nailiyyət olduğunu vurğulayıblar. Qeyd edilib ki, 30 il əvvəl xalqımız Azərbaycan Respublikası Konstitusiyasının timsalında dünyanın ən demokratik, tarixi reallıqlara uyğun, insana dəyəri bütün prinsiplərin mərkəzində saxlayan konstitusiyalarından birini qəbul etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşmışdır.