“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı maarifləndirici görüş keçirilib
Dekabrın 15-də rayon Gənclər Evində Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan rəhbər şəxslərin iştirakı ilə maarifləndirici görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Fariz Nəcəfov ölkəmizdə mövcud qəti siyasi iradəyə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində aparılan sistemli islahatların müsbət nəticələrindən bəhs edib. Bildirib ki, dövlətimizin başçısının 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Tədbirdə məruzə ilə çıxış edən Balakən rayon prokurorunun köməkçisi Gültac İsgəndərli bildirib ki, korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunların qəbul edilməsi, dövlət proqramlarının təsdiq olunması, bilavasitə korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin həyata keçirdiyi tədbirlər korrupsiya hallarına və onun inkişafına şərait yaradan halların qarşısının alınmasında öz səmərəsini vermişdir.
Hüquqşünas, vəkil Nurlan Muradov çıxış edərək korrupsiya hüquqpozmaları haqqında məlumat verib. Vurğulayıb ki, ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilir və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilir.
Daha sonra çıxış edən RİH yanında İctimai Şuranın sədri Xəlifə Mirəliyev görülmüş tədbirlər nəticəsində dövlət idarəçiliyində elektron xidmətlərin inkişaf etdirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılması, ixtisaslaşmış qurumların fəaliyyətinin daha da optimallaşdırılması barədə də geniş məlumat verib. Qeyd edib ki, həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunun həyata keçirilməsinə diqqət artırılmalıdır.
X.Mirəliyev bu sosial bəlanın bütün mənfi təsirlərini dəf etmək üçün hər bir dövlət orqanı və vətəndaş cəmiyyətinin bundan sonra da sıx əlaqəli formada fəaliyyət göstərməsinin labüdlüyünü qeyd edib.
Tədbir diskussiya formasında davam edib. Sonda korrupsiyaya qarşı mübarizə ilə bağlı videoçarx nümayiş etdirilib.