Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılması diqqət mərkəzindədir
Martın 3-də Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci bəndinin (Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi) icrası ilə bağlı rayonda fəaliyyət göstərən bələdiyyələr və digər dövlət qurumlarının işçiləri üçün maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri müavini Fariz Nəcəfov ölkəmizdə mövcud qəti siyasi iradəyə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində aparılan sistemli islahatların müsbət nəticələrindən bəhs edib. Tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın bu gün də bütün dünya ölkələrində aktual problemlərdən biri olaraq qaldığını, ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərdiyini, sosial ədalətə ciddi təhlükə yaratdığını, iqtisadi və sosial inkişafı ləngitdiyini, əlverişli biznes mühitinin yaranmasına mane olduğunu söyləyib.
Məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Pirdas Qardaşova Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qəbul edildiyini diqqqətə çatdırıb. O, bildirib ki, Milli Fəaliyyət Planı ölkəmizin hazırkı inkişaf mərhələsində korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək fundamental bir sənəddir. Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan P.Qardaşova bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıb. Ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyini bildirib.
Rayon prokurorunun köməkçisi Kənan Əlişzadə çıxış edərək korrupsiya hüquqpozmaları haqqında məlumat verib. Qeyd edib ki, korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunların qəbul edilməsi, dövlət proqramlarının təsdiq olunması, bilavasitə korrupsiyaya qarşı mübarizə funksiyalarını daşıyan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin həyata keçirdiyi tədbirlər korrupsiya hallarına və onun inkişafına şərait yaradan halların qarşısının alınmasında öz səmərəsini vermişdir.
Daha sonra çıxış edən Balakən regional ASAN Xidmət mərkəzinin hüquqşünası Aygün Şirinova görülmüş tədbirlər nəticəsində dövlət idarəçiliyində elektron xidmətlərin inkişaf etdirilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılması, ixtisaslaşmış qurumların fəaliyyətinin daha da optimallaşdırılması barədə də geniş məlumat verib. Qeyd edib ki, həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş məmnunluğunun həyata keçirilməsinə diqqət artırılmalıdır.
Tədbir diskussiya formasında davam edib. Sonda korrupsiyaya qarşı mübarizə ilə bağlı videoçarx nümayiş etdirilib və iştirakçılara rayon icra hakimiyyəti tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılıb.