Kortala kəndində növbəti səyyar qəbul keçirilib
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev mayın 18-də Kortala kəndi Qarahacılı yaşayış məntəqəsində səyyar qəbul keçirib. Qəbulda hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbər işçiləri və kənd sakinləri iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident cənab İlham Əliyevin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinlərinin müraciətlərinə baxılıb. Neynullah Eminov kənd sakinlərinin pay torpaqlarına gedən 1 km uzunluqda yolun təmir olunmasına, Araz Ziyadov sakinlərinin içməli su tələbatının ödənilməsi məqsədi ilə artezian quyusunun qazılmasına, Təmraz Əliyev 2 ədəd transformatorun ətrafının bağlanılmasına və həmin yaşayış məntəqəsində qəzalı vəziyyətdə olan işıq dirəklərinin dəyişdirilməsinə, Davud Qarayev isə Kortala kəndində dörd yol adlanan ərazidə yol hərəkətini tənzimləyən nişanların qoyulmasına köməklik göstərilməsini xahiş ediblər.
Rayon rəhbəri sakinləri narahat edən məsələlərin həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıq və tövsiyələr verib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.