Maarifləndirmə tədbiri keçirilib
Mayın 22-də Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Akademik Z.Əliyeva adına şəhər 3 nömrəli tam orta məktəbdə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi istiqamətində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçiləri Aynur Omarova, Anar Hüseynov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Elnarə Mustafayeva, həkim-terapevt, hepatoloq Elmira Ustayeva, AQTA-nın Şəki-Zaqatala Regional Bölməsinin aparıcı məsləhətçisi Sevda Hüseynova və Gülər Seyidli, məktəb kollektivi, valideynlər iştirak ediblər.
Çıxışlarda sağlam qidalanma prinsiplərinə riayət etməyin sağlam həyat tərzinin mühüm tərkib hissəsi olması, qəbul etdiyimiz qidaların sağlamlığımıza böyük təsir göstərməsi, xüsusilə, fiziki aktivliklə birləşən sağlam qidalanmanın orqanizmə müsbət təsiri kimi məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Qeyd edilib ki, düzgün qidalanma sağlamlığın əsas şərtlərindən biridir. Bu şərtə əməl edilməyəndə orqanizmdə maddələr mübadiləsi pozulur və xəstəliklərin əksəriyyəti bu səbəbdən yaranır. Bu gün dünyanın bütün sivil ölkələrində olduğu kimi, Azərbaycanda da qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində istehsalın bütün mərhələlərinə nəzarət həyata keçirilir. Bu baxımdan sağlam nəslin düzgün formalaşması üçün onların necə qidalanması məsələsi gündəmə gəlir. Düzgün qidalanma həyat keyfiyyətini, sağlamlığı, əhval-ruhiyyəni, əmək qabiliyyətini, maddələr mübadiləsini, bu və ya digər orqan və sistemlərin dolğun fəaliyyətini təmin edir, bir sıra qeyri-infeksion xəstəliklərin və halların qarşısını almağa imkan yaradır.
Xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi məqsədilə valideynlərə tədbir müddətində körpə və məktəbyaşlı uşaqların qidalanması, fiziki aktivliyinə və sağlam böyüməyə nəzarət kimi məqamların vacibliyi barədə mütəxəssislər tərəfindən ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.