“Məktəbyaşlı uşaqların sağlam qidalanması” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin (“Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi”) icrası məqsədi ilə tədbir keçirilib.
Balakən Rayon İcra Hakimiyyətinin və rayon Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı ilə dekabrın 16-da “Məktəbyaşlı uşaqların sağlam qidalanması” mövzusunda Nizami adına şəhər 1 saylı tam orta məktəbdə keçirilən maarifləndirici tədbirdə müəllimlər və valideynlər iştirak edib.
Mərkəzi Rayon Xəstəxanasının həkim-pediatrı Laləzar Kazımova iştirakçılara balanslaşdırılmış qidalanmanın şərtləri, yeniyetmələrin sağlam qidalanmasının əhəmiyyəti haqqında məlumat verib. Valideynlər tərəfindən uşaqlara erkən yaşlarından sağlam qidalanma vərdişlərinin aşılanmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, uşaqların sağlam bədənləri, zehni inkişafı və məktəb uğuru üçün düzgün qidalanma zəruridir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.