Meşəşambul kəndində səyyar qəbul keçirilib
Mayın 12-də Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Meşəşambul kəndində səyyar qəbul keçirib. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi qəbulda İslam Rzayev ölkəmizin əldə etdiyi uğurlar, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə rayonumuzda aparılan quruculuq işləri və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra kənd sakinləri dinlənilib.Kənd sakinləri Şəhid Ömər Qurdayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilmiş xatirə bulağının ətrafında abadlıq işlərinin aparılması, Qazbölük yaşayış məntəqəsində elektrik təchizatının yaxşılaşdırılması, kənddaxili yolun təmiri kimi məsələlərin həllinə köməklik göstərilməsini xahiş ediblər.
İcra başçısı müraciətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Vətəndaşlar yerlərdə kənd sakinlərinin müraciətlərinə baxılması üçün belə səyyar görüşlərin keçirilməsindən məmnunluqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.