Müstəqillik Gününə həsr olunan intellektual yarış keçirilib
Balakən rayon İcra Hakimiyyətinin, rayon Heydər Əliyev Mərkəzinin və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə "28 May- Müstəqillik Günü"nə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında intellektual yarış keçirilib. Yarışda Balakən rayon ümumtəhsil məktəblərini təmsil edən 9 komanda iştirak edib.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru qeyd edib ki, Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. Yüz dörd il bundan əvvəl -1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması ölkəmizin, xalqımızın həyatına böyük tarixi hadisə kimi daxil oldu. Hər il ölkəmizdə bu gün xüsusi təmtəraqla qeyd edilir və Azərbaycan dövləti öz siyasətində bu dövrə xüsusi ehtiramla yanaşır.
Daha sonra Cümhuriyyət dövrünə həsr olunan film nümayiş etdirilib. Film nümayişindən sonra intellektual yarışa start verilib.
İntellektual yarışın yekun nəticələrinə əsasən, I yerə Humanitar və texniki təmayüllü liseyin, II yerə Nizami adına şəhər 1 nömrəli tam orta məktəbin, III yerə isə Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbin komandası layiq görülüb.
Qalib komandalara fəxri fərman və I yeri tutmuş “Lisey” komandasına isə Balakən Rayon İcra Hakimiyyəti tərəfindən kubok təqdim edilib.