“Narkomaniyaya və erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib
23 may 2024 | 17:39
Mayın 22-də Balakən rayonu R.Hədisov adına Yeni Şərif kənd tam orta məktəbində Balakən Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Balakən RİHB-nın birinci müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Turan Dibirov Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 22-də imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamından irəli gələn vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, müasir dövrdə ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışıb.Tədbirdə çıxış edən RPŞ-nın Qabaqçöl bölməsi üzrə rəisi Vilayət Allahverdiyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, DSX-nin Zaqatala üzrə hərbi hissəsinin əməliyyat-axtarış şöbəsinin rəisi Məqsəd Məhərrəmov, Balakən Rayonu üzrə Təhsil Sektorunun metodisti Fərhad Bazarov əsrin bəlasına çevrilmiş narkomaniyanın və erkən nikahın fəsadlarından, həmin hallara qarşı aparılan mübarizə tədbirlərindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Balakən rayon komissiyası və hüquq-mühafizə orqanları rayon ərazisində mütəmadi olaraq zərərli vərdişlər və erkən nikahın fəsadları barədə maarifləndirmə tədbirləri həyata keçirdir. Həmin tədbirlərin sağlam həyat tərzinin təbliğində, gənclərin sağlam ruhda tərbiyə olunmasında, onların zərərli vərdişlərdən uzaqlaşmasında rolu böyükdür.
Daha sonra çıxış edən Balakən RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova və həkim Rəfail Ramazanov tədbir iştirakçılarına 3 böyük bəla olan alkoqolizm, siqaret çəkmək və narkomaniya barədə ətraflı məlumat verib, cəmiyyətin və gələcək nəsillərin sağlamlığını təhdid edən bu zərərli vərdişlər barədə iştirakçıları məlumatlandırıblar. Balakən RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın psixoloqu Arzu Əliyeva isə erkən nikah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu diqqətə çatdırıb.
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.