“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlər Proqramı” çərçivəsində ümumtəhsil məktəblərində tədbirlər keçirilib
03 mart 2023 | 11:55
Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının fəaliyyəti çərçivəsində 2023-cü ildə ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri davam etdirilir. Rayonun 2 saylı Peşə Məktəbində, Gərəkli kənd tam orta məktəbində və Nəsimi adına şəhər 2 saylı tam orta məktəbində “Narkomaniya ilə necə mübarizə aparaq?”, “Zərərli vərdişlər”, “3 böyük bəla” adlı tədbirlər baş tutmuşdur. Tədbirlərdə komissiya üzvləri, hüquq-mühafiə orqanlarının əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin nümayəndələri, ümumtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagird kollektivləri iştirak etmişdir. Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aynur Omarova tədbirlərdə zərərli vərdişlər barədə təqdimatla çıxış edərək zərərli vərdişlərin yaranma səbəbləri, dünyada və Azərbaycanda onların statistikası, mübarizə yolları, zərərli vərdişlərin tərkib hissələri olan təhlükəli maddələr barədə, bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindən olan narkomaniya barədə, Azərbaycan Respublikasında aidiyyəti qurumların narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu mübarizə aparması barədə, bütün bunlarla yanaşı maariflənmənin vacibliyi barədə məlumatlar verib.
Tədbirlərdə ümummilli lider Heydər Əliyevin 1996-cı il avqustun 26-da imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” və Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 22-də imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamlarından irəli gələn vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib, müasir dövrdə ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışılıb. Hər tədbirin sonunda şagirdləri və tədbir iştirakçılarını maraqlandıran suallar barədə geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.