Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib
Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası 26 İyun - Narkotik vasitələrin sui istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar tədbir keçirib. Rayon Gənclər Evində keçirilən tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin, rayon Polis Şöbəsinin, Gənclər və İdman idarəsinin nümayəndələri, psixoloqlar və gənclər iştirak ediblər.
Balakən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov tədbirdə çıxış edərək, ümummilli lider Heydər Əliyevin 1996-cı il avqustun 26-da imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” və Azərbaycan Respublikasi Prezidenti İlham Əliyevin 2019-cu il iyulun 22-də imzaladığı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamlarından irəli gələn vəzifələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib, müasir dövrdə ölkəmizdə narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, narkomaniya bu gün bəşəriyyətin ən ciddi və ağrılı problemlərindəndir. Xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Həmçinin Fariz Nəcəfov çıxışında Azərbaycan Respublikasında aidiyyəti qurumların narkomanlığa, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı bu gün də uğurlu mübarizə apardığını vurğulayıb.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin nümayəndəsi Sevinc İbadova, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis kapitanı Sahil Bayramov, Rayon Gənclər və İdman idarəsinin rəis müavini Səfər Gəncəyev və digərləri narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər. Həmçinin bəşəriyyət üçün böyük bəla olan narkomaniyaya qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu vurğulayıblar.
Tədbirin sonunda “Narkomaniyaya Yox Deyək!” adlı sosial çarx nümayiş etdirilib.